Nikel ehtiyatlarına görə dünyada 3-cüdür| Yeni Kaledoniya müstəqillik qazana biləcəkmi?

2024/05/1716978184.jpg
Oxunub: 1006     14:39     29 May 2024    
Parisdən 17 min kilometr uzaqlıqda yerləşən Fransanın Sakit okeandakı Yeni Kaledoniya adaları 1980-ci illərdəki vətəndaş müharibəsindən bəri görünməmiş bir şiddət dalğası yaşayır.

Fransanın Yeni Kaledoniyaya gələn yeni köçkünlərin yerli seçkilərdə səs verməsini nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiqləməsi yerli kanak xalqı tərəfindən etirazla qarşılanıb. 10 minə yaxın insanın iştirak etdiyi iğtişaşlar paytaxt Numeada geniş miqyaslı dağıntı və talanlarla nəticələndi.

Fransa üsyançıların etiraz aksiyaları təşkil etmək üçün “TikTok”dan istifadə etdiyini iddia edərək, Çinin sosial media tətbiqinə girişi bloklayıb. Hadisələrdə 2-si jandarma və 3-ü yerli kanak olmaqla, 5 nəfər ölüb. Hadisələrdən sonra Fransa mayın 16-dan etibarən ən azı 12 gün davam edəcək fövqəladə vəziyyət elan etdi, beynəlxalq uçuşları dayandırdı və komendant saatı tətbiq etməyə başladı.

Etirazların davam etməsindən sonra Fransa prezidenti Emmanuel Makron “xalqla möhkəmlənmək” və “respublika nizamının bərpa edilməsini təmin edən silahlı qüvvələrə təşəkkür etmək” üçün Yeni Kaledoniyaya gedəcəyini açıqlayıb. Makron Yeni Kaledoniyaya səfəri zamanı etiraf edib ki, hazırkı vəziyyətdə islahat zorla həyata keçirilməyəcək və əlavə danışıqlara ehtiyac var. Makron bu vəziyyəti 1 ay ərzində nəzərdən keçirəcəyini bildirib.

Keçmiş müstəmləkəçilik və neokolonializm arasında Yeni Kaledoniya

XIX əsrdə Fransa Yeni Kaledoniya da daxil olmaqla, 13 dənizaşırı ərazini (France d'outre-mer) müstəmləkə etdi. Koloniyalar 1960-cı illərdə sona çatsa da, bu bölgələr Fransa ərazisinin bir hissəsi olaraq qaldı. Bunlardan biri olan Cənub-Qərbi Sakit okeanda strateji əhəmiyyətə sahib Yeni Kaledoniyada yaşanan problemin mənbəyi köhnə müstəmləkə imperiyalarının üsuluna əsaslanır. Bu üsul materikdən gətirilən insanların demoqrafik və siyasi çəkisini artırmaqla, müstəmləkə torpaqlarının gələcək siyasi və iqtisadi quruluşunu müəyyən etməkdir.

Yeni Kaledoniyada materik Fransadan vətəndaşların kütləvi şəkildə köçməsi ilə gələcəkdə yerli əhalinin əriyəcəyi və adanın tamamilə Fransaya birləşdiriləcəyi düşünülürdü. Buna görə də yerli əhalidə materikdən gələnlərlə birlikdə yaşamaq istəyinin yaradılmasına cəhd edildi. Məsələn, 1969-1972-ci illər arasında Fransadan olan 8 mindən çox Fransa vətəndaşı Yeni Kaledoniyada məskunlaşdı. Bu siyasətlər nəticəsində Yeni Kaledoniyanın əhalisi əhəmiyyətli dərəcədə artdı, adanın yerli əhalisi olan kanaklar isə azlıq təşkil etdi. Akademik araşdırmalar göstərir ki, kanak xalqı hazırda Yeni Kaledoniyanın ümumi əhalisinin 41 faizindən bir qədər çoxunu təşkil edir.

Yeni Kaledoniya bir çox aspektlərdə kritik əhəmiyyətə malik ölkədir. Yeni Kaledoniya nikel ehtiyatlarına görə dünyada 3-cü yerdədir ki, bu da elektromobillər üçün xüsusilə vacibdir. Bundan əlavə, ada Sakit okeanda strateji geosiyasi əhəmiyyətə malikdir. Bu səbəbdən Çin kimi ölkələr də “Melanesian Spearhead Group”u regionda təsirini artırmaq üçün dəstəkləyir.

Kanaklar tam müstəqillik istəyirlər

1975-ci ildən başlayaraq, kanak müstəqillik tərəfdarları assimilyasiya siyasətlərinə cavab olaraq etiraz aksiyalarına başladılar. 1998-ci il Numea müqaviləsi ilə Yeni Kaledoniya xüsusi status qazandı. Fransanın son illərdə təhsil, sosial və iqtisadi sahədə əldə etdiyi irəliləyişlərə baxmayaraq, kanak müstəqillik tərəfdarlarının müstəqilliyə münasibəti dəyişməyib. 2018, 2020 və 2021-ci illərdə üç müstəqillik referendumu keçirilsə də, səslər “xeyr” olub. Məsələn, 2020-ci ildə referendumda səs fərqi 10 min civarında idi.

“Covid-19” pandemiyası səbəbiylə kanaklar 3-cü referendumu boykot etdilər. Lakin Fransa 30 ildən çox dinc və inklüziv dekolonizasiya ilə bağlı öhdəlikləri pozaraq, referendum keçirdi. Numea sazişinə əsasən, əyalət seçkilərində səsvermə hüququ 1998-ci ildən əvvəl Yeni Kaledoniya sakinləri və onların uşaqları ilə məhdudlaşırdı. Bu, azlıq təşkil edən yerli kanaklara daha çox nümayəndəlik verdi. Fransa bu vəziyyəti qeyri-demokratik hesab edərək, 10 il əvvəl Yeni Kaledoniyada məskunlaşan fransızlara səsvermə hüququ verən konstitusiya dəyişikliyi etdi.

Bu dəyişiklikdən sonra yerli kanak xalqı reaksiya verərək, etirazlara başlayıb. Reaksiyaların nəticəsi olaraq Makron qanunun təsdiqini təxirə salacağını və yeni razılaşma üçün bölgə nümayəndələrini Parisə dəvət edəcəyini bildirsə də, iyun ayına qədər razılıq əldə olunmasa, qanunu imzalayacağını bildirib.

Fransanın keçmiş müstəmləkələri ilə münasibətləri getdikcə pisləşir

Son illərdə sosial media və internetə çıxışın artması ilə birlikdə Fransanın Seneqal, Burkina-Faso, Mali və Niger kimi Afrikanın mərkəzi və qərb bölgələrindəki keçmiş müstəmləkələrində müstəmləkəçilik siyasətlərinin davam etməsi fikri ilə etirazlar və nümayişlər tədricən artıb. Tarixən Qərbi Afrikada təhsilli və şəhər seqmentləri tərəfindən Fransaya qarşı tənqidlər olub, lakin sosial medianın təsiri ilə bu tənqidlər daha geniş auditoriyaya yayılıb.

Unutmaq olmaz ki, Afrikadakı ölkələrin demək olar yarısı bir vaxtlar Fransanın müstəmləkələri və ya protektoratı olub. Bu ölkələr hələ də iddia edirlər ki, onların yaşadıqları yoxsulluq, korrupsiya və inkişaf etməmiş vəziyyət Fransanın keçmiş müstəmləkəçilik və davam edən neokolonializm siyasətindən qaynaqlanır. Fransa yerli xalqın sosial rifahını deyil, öz maraqlarını qorumaq üçün korrupsioner hökumətləri və diktatorları dəstəkləməyə davam edərək, keçmiş müstəmləkələrində sosial və iqtisadi nəzarətini saxlayır.

Məsələn, CFA kimi tanınan Afrika frankı Fransanın Afrika iqtisadiyyatlarına təsirini anlamaq üçün mühüm göstəricidir. 1945-ci ildə yaranan və hələ də qüvvədə olan bu pul vahidi Fransa xəzinədarlığı tərəfindən dəstəklənir və Afrika ölkələrinin suverenliyinə kölgə saldığı üçün tənqid edilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaledoniya   Fransa   Müstəqillik  


Bizi "telegram"da izləyin